Rusiyalı ekspert: "Ermənistan açıq şəkildə Rusiyadan NATO və Avropa İttifaqı istiqamətində uzaqlaşır"


Dünya 18 Yan 2018 16:46:18 272 0

Rusiyalı ekspert: "Ermənistan açıq şəkildə Rusiyadan NATO və Avropa İttifaqı istiqamətində uzaqlaşır"

"Keçən il Moskva ilə Yerevan arasında bəzi fikir ayrılıqlarının olduğunu göstərdi"

"Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların yenidən bərpa edilməsi nizamlama üzrə danışıqların tamamilə uğursuz olması halında mümkündür".

Bunu "Report"un Rusiya bürosuna rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, ötən il müttəfiqlər - Rusiya və Ermənistan arasında bəzi fikir ayrılıqlarının olduğunu göstərdi: "2017-ci ildə Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi barədə ilkin razılığa gəlməsi diqqət yetirilməli olan əsas məqamdır. Bu, dərhal Moskvada narahatlıq doğuran münasibət yaratdı. Çünki çoxları strateji müttəfiq hesab etdikləri ölkənin belə qəfil kursu dəyişəcəyini gözləmirdi".

Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginlik 2013-cü ilin yayından etibarən mövcuddur, lakin Yervanın belə dönüşünü Moskvada çox az adam gözləyə bilərdi: "Bu, Kremli Qarabağ məsələsində mövqeyini dəyişməyə məcbur edir".

O, Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyinə olan narazılığın regionda bütün geosiyasi vəziyyətin kəskin dəyişməsinə səbəb ola biləcəyinə işarə edib: "Bu gün Ermənistanda açıq-aşkar antirusiya əhval-ruhiyyəsinin gücləndiyinə şahidlik edirik. MDB ölkələri arasında NATO ilə ən böyük tərəfdaşlıq proqramı məhz Ermənistandadır. İndi də Aİ ilə Assosiasiya Sazişi ortaya atılıb. Ümumiyyətlə, bu, sırf siyasi nümayişdir, çünki Ermənistanın sazişdən iqtisadi səmərəsi sıfıra bərabərdir".

O qeyd edib ki, bu gün Yerevan Rusiyadan NATO və Aİ istiqamətində uzaqlaşmağa hazır olduğunu açıq şəkildə göstərir.

"Burada vaxtilə Gürcüstanda olduğu kimi, Rusiyadan uzaqlaşmağa çağıran gənc siyasətçilər qrupu yetişir", - A.Fenenko əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatını şərh edən politoloq nazirin hadisələrə kifayət qədər real yanaşdığını bildirib: "Hamımız anlayırıq ki, Qarabağ problemini 2018-ci ildə həll etmək şansı, demək olar ki, yoxdur. Əsas problem Ermənistanın güzəştə getməyə hazır olmamsı ilə bağlıdır".