Səfir: "Azərbaycan-Qətər münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir"


Siyasət 15 Dek 2017 06:38:17 302 0

Səfir: "Azərbaycan-Qətər münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf edir"

Bakıda Qətərin Milli bayramı qeyd olunub

Azərbaycan və Qətər arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

“Report” xəbər verir ki, bunu Qətərin Azərbaycandakı səfiri Yusif Hassan əl-Saai ölkəsinin Milli bayramına həsr olunmuş tədbirdə bildirib.

Səfir Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirib. O qeyd edib ki, İqtisadiyyat, ticarət və texniki əməkdaşlıq üzrə birgə komissiyanın cari ilin yanvar ayında baş tutmuş ilk iclası iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verib.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov öz növbəsində səfiri bayram münasibəti ilə təbrik edərək bildirib ki, ölkələr arasındakı dostluq münasibətləri müsbət tendensiyalara əsaslanır və ölkələr bir-birini beynəlxalq arenada da dəstəkləyirlər. Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Qətərə minnətdarlığını ifadə edib.

K.Heydərov əmin olduğu bildirib ki, iki ölkə arasında münasibətlər gələcəkdə də inkişaf edəcək.