Çinin Kommunist Partiyasının nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində səylərini dəstəkləyirik"


Siyasət 14 Noy 2017 16:07:10 302 0

Çinin Kommunist Partiyasının nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində səylərini dəstəkləyirik"

Elmar Məmmədyarov Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Li Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri Li Jun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının təsisinin 25 illiyi ilə əlamətdar olduğunu bildirib və keçən 25 il ərzində Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişafının məmnunluq doğurduğunu və təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

L.Jun Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə edib.

L.Jun Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib.

L.Jun “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq Xüsusi İşçi Qrupu qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən olan ilk xarici səfər olduğunu deyib və bu səfərin münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu əlavə edib.

Qonaqları salamlayan E.Məmmədyarov bu ilin oktyabrın 18-24-də Kommunist Partiyasının Milli Konqresinin uğurla keçirilməsi münasibətilə öz təbrik və xoş arzularını çatdırıb.

E.Məmmədyarov Azərbaycan və Çin arasında əməkdaşlığın bütün sahələrində yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edib. İki dövlət arasında siyasi dialoqun daha da irəlilədilməsinin iqtisadi, ticarət və digər sahələrdə yeni əməkdaşlıq perspektivlərinin üzə çıxarılmasına təkan verəcəyini qeyd edib.

Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E.Məmmədyarov bu xüsusda, BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. Ermənistan-Azərbaycan münaqişəsinə dair Çinin də üzvü olduğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirib. Bu xüsusda, E.Məmmədyarov Çin tərəfinə Azərbaycanın haqlı mövqeyinin ardıcıl dəstəklənməsi xəttinə görə təşəkkürünü bildirdi. Həmçinin Azərbaycanın “Vahid Çin” siyasətinə sadiq qaldığını bir daha bəyan etdi. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran E.Məmmədyarov ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını əlavə edib.

İqtisadi sahədə ikitərəfli əməkdaşlığa toxunan E.Məmmədyarov ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensial və siyasi dialoqun səviyyəsini əks etdirmədiyini qeyd etdi. Bu sahədə, gələn il növbəti iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 30 oktyabr 2017-ci il tarixində fəaliyyətə başladığını bildirən E.Məmmədyarov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər, Bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğuladı. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən köklü tədbirlər barəsində danışan Elmar Məmmədyarov Çin şirkətlərinin ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil oluncağına ümidvar olduğunu bildirib. 

E.Məmmədyarov paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə həmsöhbətə məlumat verib.

Görüşdə həmçinin humanitar, təhsil və turizm sahəsində münasibətlərin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.