Azərbaycan alimi Fazil Zeynalovun Avropada ingilis dilində yeni kitabı nəşr edilib


Digərləri 14 Noy 2017 14:56:00 220 0

Azərbaycan alimi Fazil Zeynalovun Avropada ingilis dilində yeni kitabı nəşr edilib

Azərbaycan alimi Fazil Zeynalovun Avropada ingilis dilində yeni kitabı nəşr edilib.

Bakı. Dünyada məşhur olan “Peter Lang” nəşriyyatı Azərbaycan alimi, Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun “Azərbaycan Avrasiyanın qovuşuğunda: dünyanın böyük güclərinin çəkişməsi kontekstində millətin kəşməkəşli taleyi” adlı kitabını ingilis dilində çap edib. Beynəlxalq şəbəkəyə malik nəşriyyat kitabı Frankfurt, Bern, Brüssel, Oksford, Vyana, Varşava və Nyu-Yorkda nəşr edib və dünyanın müxtəlif ölkələrində satışa çıxarıb. Tədqiqatçı F.Zeynalov kitabda Azərbaycan xalqının qədimdən bu günədək keçdiyi kəşməkəşli yolu tarixi dövrlər üzrə təsvir edib, hər bir dövrə xas xüsusiyyətləri ayrıca təhlil edib. O, Manna, Qafqaz Albaniyası, Atropatena, Şirvanşahlar, Atabəylər, Ağqoyunlular, Səfəvilər dövlətləri barədə ingilisdilli oxuculara ətraflı məlumat verib, Azərbaycanın xanlıqlara parçalanması və ondan sonra üzləşdiyi vəziyyətə dair ümumiləşdirmələr aparıb. Kitabda Azərbaycanın tarixi, sosial-iqtisadi vəziyyəti və inkişaf xüsusiyyətləri sanballı elmi mənbələr əsasında araşdırılıb. Müəllif tədqiqat əsərində Azərbaycanın tarixi İpək Yolunun üzərində yerləşdiyini, onun beynəlxalq ticarətin inkişafına xüsusi töhfə verdiyini qeyd edərək, eyni zamanda, bu strateji coğrafi mövqenin ölkəni vaxtaşırı müxtəlif imperiyaların hücumlarına məruz qoyduğunu bildirib. Lakin tarixi Azərbaycan dövlətləri öz strateji mövqelərini daim dəyərləndirib, inkişaf edib, regionun aparıcı dövlətlərinə çevrilməyi bacarıb və güclər tarazlığında xüsusi mövqeyə malik ola biliblər. Məhz bunun nəticəsində onlar fəal diplomatik fəaliyyət göstəriblər. Bütün bu proseslərin fonunda Azərbaycan xalqı öz dövlətçilik ənənələrini daim möhkəmləndirə bilib və XX əsrin əvvəllərində gərgin beynəlxalq şəraitə baxmayaraq, öz milli dövlətini yaradıb. Kitabda müasir Azərbaycan tarixi xüsusi olaraq araşdırılıb, onun bütün çalarları və özünəməxsus inkişaf xüsusiyyətləri oxucuların diqqətinə çatdırılıb. O da vurğulanıb ki, müsəlman Şərqində ilk demokratik respublikanın təşəkkül tapdığı Azərbaycan SSRİ-nin tərkibindən çıxdıqdan sonra yenidən demokratik inkişaf modelinə keçid edib. Azərbaycan xalqı tarix baxımından qısa müddət ərzində baş verən bu böyük dəyişikliklərin öhdəsindən gəlib və öz dövlətçiliyini daim qorumağı bacarıb. Müəllif müasir tarixi şərti olaraq “Birinci”, “İkinci” və “Üçüncü” respublika fəsillərinə bölərək təhlil edib. Tədqiqat əsərində o da bildirilib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, Ermənistanın hərbi təcavüzü ölkə daxilində sabitliyin pozulması ilə müşayiət olunub. Müəllif bu amillərin şərhi fonunda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını, onun Azərbaycanı təlatümlərdən xilas etməsini bütün təfsilatı ilə oxucuların diqqətinə çatdırıb. Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycanda sabitliyin bərqərar edilməsində, siyasi və iqtisadi islahatların həyata keçirilməsində mühüm rolu, bu siyasi, iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xüsusi vurğulanıb. Məhz bunun nəticəsidir ki, son illər ölkədə müxtəlif sahələr üzrə innovativ proqramlar qəbul edilib, yeni iqtisadi prioritetlər müəyyənləşdirilib və Azərbaycanın yeni inkişaf modeli hazırlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan böyük tarixi nailiyyətlər əldə edib. Nəşrdə, həmçinin Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağa muxtar vilayət statusunun verilməsi məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri təhlil edilib və faktlarla sübuta yetirilib ki, Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub. Kitabda, eyni zamanda, Azərbaycanda neft və qaz resurslarının istismarı, xüsusilə yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin qlobal əhəmiyyətli iştirakçıya çevrilməsindən bəhs edilib, Azərbaycan mühüm infrastruktur layihələrinin həm təşəbbüskarı, həm də aparıcı qüvvəsi kimi təqdim edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan 408 səhifəlik kitab 15 fəsildən ibarətdir və qədim tarixindən bu günə qədər Azərbaycan haqqında geniş məlumatları özündə əks etdirən çox faydalı əyani vəsaitdir. Kitab ABŞ Konqres Kitabxanası və Almaniya Milli Kitabxanasında qeydiyyatdan keçib. Bu, müəllifin Avropanın nüfuzlu nəşriyyatlarında nəşr olunan sayca 8-ci kitabıdır.