Ehtiyat kadrlar siyahısına daxil edilənlərin sayı açıqlandı


Digərləri 14 Noy 2017 14:17:00 235 0

Ehtiyat kadrlar siyahısına daxil edilənlərin sayı açıqlandı

Müsabiqədən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 333 namizəd və ləğv edilmiş, lakin bazasında dövlət orqanı yaradılmamış dövlət orqanlarının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş 129 şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) ehtiyat kadrlar siyahısına daxil edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu DİM-in icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu şəxslərin analoji vakant vəzifəyə təyin olunması ilə bağlı mütəmadi iş aparılır. Son statistikaya görə, 44 nəfər dövlət orqanlarında vakant analoji vəzifələrə təyin edilib.

V.Misirov qeyd edib ki, mövcud qanunvericliyə edilmiş dəyişikliklərə əsasən, vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Namizəd ehtiyat kadr kimi saxlanıldığı 2 il ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda dövlət orqanının təklifi və namizədin razılığı ilə həmin vəzifəyə təyin edilir.