İslam həmrəyliyini zəruri edən səbəblər və Azərbaycanın İslam həmrəyliyinə töfhəsi


Digərləri 14 Noy 2017 12:46:11 214 0

İslam həmrəyliyini zəruri edən səbəblər və Azərbaycanın İslam həmrəyliyinə töfhəsi

XXI əsrdə, xüsusilə müsəlman ölkələrində artan qanlı münaqişələr, müharibələr dünyada təhlükəsizliyə ən böyük təhdiddir və problemin birdəfəlik və ya uzunmüddətli həlli zərurətə çevrilib.

Elçin Mehdiyev – XXI əsrdə, xüsusilə müsəlman ölkələrində artan qanlı münaqişələr, müharibələr dünyada təhlükəsizliyə ən böyük təhdiddir və problemin birdəfəlik və ya uzunmüddətli həlli zərurətə çevrilib. Əslində bu münaqişələrin artmasının əsas səbəblərindən biri müsəlman ölkələrinin öz aralarında ortaq məxrəcə gələ bilməməsi və bu halda xarici qüvvələrin güclü təzyiq və təsiri qarşısında aciz qalmalarıdır. Sirr deyil ki, bu gün ən qaynar nöqtələrdən biri olan Yaxın Şərq regionunda xarici təsirlər az rol oynamır. Bunu həmin bölgədəki hərbi əməliyyatlarda bir sıra qeyri-region ölkələrinin, o cümlədən ABŞ və Rusiya kimi hegemon dövlətlərin iştirakı da təsdiq edir. BMT-nin müxtəlif qurumlarının təqdim etdiyi statistika isə – hərçənd onlar da rəqəmlərin daha çox olduğunu istisna etmir – sadəcə qorxuncdur. Belə ki, təkcə Suriyada 2011-ci ildən davam edən qanlı toqquşmalar, terror aktları, bombardmanlar və s. nəticəsində təqribən yarım milyon insan həlak olub, 117 min nəfər itkin düşüb, ölkəyə 84,6 milyard dollar maddi zərər dəyib, 27 438 bina dağılıb, 5 milyondan çox insan digər ölkələrdə mühacir həyatı yaşayır. XXI əsrin əvvəllərindən İraqda davam edən müharibə və münaqişə qurbanlarının sayı da bundan az deyil. 2015-ci ilin martından Yəməndə silahlı münaqişə səbəbindən isə 5300 nəfər həlak olub, 8900-ə yaxın insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda ölkədə 20 milyon nəfərin, yəni əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub və s. və i.a. Belə mürəkkəb vəziyyətdən çıxış yolu ilk növbədə müsəlman ölkələri arasında həmrəyliyi, başqa sözlə, İslam həmrəyliyini bərqərar etməkdir. Bu gün müsəlman ölkələri vahid mövqedən çıxış etməsələr, əksinə, hər hansı müsəlman ölkəsi bölgədəki xarici qüvvələrlə birləşib digər müsəlman ölkəsinə qarşı çıxsa, Yaxın Şərqdəki qanlı toqquşmaların səngiməyəcəyi, əksinə, daha böyük ərazini, qonşu bölgələri əhatə edəcəyi qaçılmaz olacaq. Məhz belə bir dövrdə ilk dəfə olaraq Azərbaycan İslam həmrəyliyinin zəruriliyini ön plana çəkdi. Hələ ölkəmizdə 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunmasından və Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən çox əvvəl Azərbaycan birləşdirici, vasitəçilik rolu oynayaraq İslam və Avropa ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə səy göstərmişdi. Belə ki, 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edildi, birgə sessiya keçirildi. "Bakı prosesi" adlandırılan bu təşəbbüs haqlı olaraq dünyada müsbət qarşılandı, yüksək qiymət verildi. 2009-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin qəbuluna bir sıra Avropa ölkələrinin mədəniyyət nazirləri dəvət olundu. Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının “OIC Journal” nəşrində dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində etnik və dini tolerantlığı “irəliyə doğru inamla getməyin ən optimal yolu” adlandıraraq vurğulayırdı: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam həmrəyliyi ili”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”. 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğu Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə də böyük töhfələr verməkdə davam edir. Qeyd olunmalıdır ki, Azərbaycanda “Multikulturalizm ili” bəzi Avropa ölkələrində miqrantlarla alçaldıcı rəftar edildiyi, islamofobiyanın artdığı, İslamın guya zorakılığa çağıran bir din kimi təqdim olunduğu bir vaxtda elan olundu. Dünyaya müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda birgə, bərabər, dinc şəraitdə yaşadığı, ölkə daxilində millətlərarası, dinlərarası münasibətlərin ən yüksək səviyyədə tənzimləndiyi bir daha nümayiş etdirildi. Bütün bunların məntiqi davamı olaraq, bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olundu, Bakıda IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirildi. Oyunlar ərzində bütün müsəlman ölkələri məhz Azərbaycanın paytaxtında birləşdi, Bakı 54 ölkəni, yəni dünyanın ¼-ni “Sülh, həmrəylik” şüarı altında birləşdirdi. Azərbaycan müharibə şəraitində olsa da, ərazilərinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal edilsə də, sülh tərəfdarı olduğunu göstərdi, idman və dostluq bayramı səviyyəsində təşkil etdiyi IV İslam Həmrəyliyi Oyunları vasitəsilə dünya ölkələrini, o cümlədən müsəlman ölkələrini barışa, həmrəyliyə səslədi. Azərbaycan nümayiş etdirdi ki, qanlı toqquşmaların, münaqişələrin artdığı XXI əsrdə qlobal problemlərdən yeganə çıxış yolu məhz sülh və həmrəylikdir. Heç şübhəsiz ki, IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyi və əməkdaşlığı tarixində yeni səhifə açacaq. Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdı ki, İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil, böyük siyasi, mədəni və ictimai hadisədir: “Biz çalışacağıq ki, İslam aləmini birləşdirək. Bu, Azərbaycanın müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq, eyni zamanda, müasir ölkə olduğunu göstərir və İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”. Təbii ki, bu gün İslam aləmində həllini gözləyən çoxsaylı problemlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əksər müsəlman ölkələri bu məsələdə vahid mövqedən çıxış edir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Xocalı soyqırımını tanımağa, Ermənistanın işğalçılıq siyasətinə qarşı addımlar atmağa çağıran qətnamələr qəbul edib. 2016-cı ilin sentyabrında bu təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupu yaradılıb. Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycanın dini-mədəni sərvətlərinə, ümumilikdə İslamın tarixi-mədəni irsinə qənim kəsilən Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə bir ölkə kimi rəsmən tanımır, Türkiyənin isə bu ölkə ilə heç bir münasibəti yoxdur. Lakin bu birlik, həmrəylik daha da genişlənməli, eləcə də digər müsəlman ölkələrindəki problemlərə münasibətdə daha qətiyyətli mövqe göstərilməlidir. Ümumiyyətlə, Azərbaycan İslam dünyasında böyük nüfuza, ehtirama malik ölkədir, İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların fəal üzvüdür, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bakıdan sonra (2009-cu il) Naxçıvan da 2018-ci ildə "İslam dünyasının mədəniyyət paytaxtı" olacaq. Təsadüfi deyil ki, bütün İslam ölkələri Azərbaycanla əməkdaşlığa, əlaqələrin inkişafına can atır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Bundan başqa, Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, İƏT Əmək Mərkəzi kimi təşkilatların təsis edilməsinin təşəbbüskarı olub, 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, həmçinin “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi edib. Müsəlmanlara qarşı törədilən cinayətləri, o cümlədən Myanmada Rohinca müsəlmanlarına qarşı qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyən Azərbaycan bu ilin sentyabr ayında Rohinca qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib. Həmçinin Azərbaycan məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak edib, eləcə də Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olub. İslamın guya geridəqalmış sivilizasiya olduğu, dünya üçün təhlükə törətdiyi, terrorizmlə eyni olduğu ilə bağlı yanlış rəy formalaşdırıldığı bir vaxtda Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Prezident İlham Əliyev İslama qarşı çirkin kampaniya aparanlara da layiqli cavab verib: "...Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam" deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizmin harada yarandığını biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar". Bu il yerli kütləvi informasiya vasitələri ilə yanaşı, dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında, informasiya portallarında da Azərbaycanın İslam həmrəyliyinə töhfəsindən bəhs edən onlarla məqalə dərc olundu. Bunlara misal olaraq, Pakistanın “Diplomatic Focus”, “Global Affairs”, “Pakistan in the World”, Britaniyanın “Huffington Post”, Filippinin “Concept Central”, Kubanın “Bohemia” jurnallarını, Birləşmiş Ərəb Əmirliklərinin “əl-Fəcr”, Misirin “Diplomatiya” qəzetlərini, eləcə də İtaliyanın "Notizie Geopolitiche" portalını və başqalarını göstərmək olar. Bununla yanaşı, Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İslam həmrəyliyi mövzusuna həsr olunmuş bir sıra beynəlxalq konfranslar təşkil edilib, müxtəlif yazı müsabiqələri elan olunub, bölgələrdə, orta və ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilib və keçirilir. Bu tədbirlər təkcə ölkə daxilində məhdudlaşmır. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə sentyabrın 25-də İstanbulda "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfrans təşkil edildi. Bu il dekabrın 21-də isə Bakıda “İslam Həmrəliyi ili”nin yekunlarına dair beynəlxalq konfrans keçiriləcək. Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycana əsasən də müsəlman ölkələrindən turist axını artır. Cari ilin 10 ayı ərzində ölkəmizə İrandan 320 904, Türkiyə - 249 210, Birləşmiş Ərəb Əmirlikləri - 81 742, İraq - 54 242 və Səudiyyə Ərəbistanından 31 821 nəfər gəlib. Bu göstərici rəsmi Bakının İslam aləmində artan nüfuzu nəticəsində müsəlman ölkələrinin vətəndaşlarının Azərbaycana artan marağını göstərir. Müxtəlif bölgələrdə təhlükəli proseslərin müşahidə olunduğu, mütəmadi qanlı toqquşmaların, terror aktlarının baş verdiyi bir vaxtda Azərbaycanda insanların əmin-amanlıq şəraitində yaşaması, təhlükəsizliyin tam təmin olunması da turist axınına səbəb olur. Əcnəbilər Azərbaycanın sabitlik adası olduğunu, ölkədə tolerantlıq mühitinin hökm sürdüyünü öz gözləri ilə görür, öz ölkələrində Azərbaycanı nümunə göstərirlər. Heç şübhəsiz ki, Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək, dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparacaq, İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəməyəcək və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş aparmaqda davam edəcək. Yazı “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur.