DİM-in icraçı direktoru: “Bəzi dövlət orqanları boş iş yerlərini vaxtında müsabiqəyə təqdim etmirlər”


Sosial 14 Noy 2017 12:07:48 390 0

DİM-in icraçı direktoru:  “Bəzi dövlət orqanları boş iş yerlərini vaxtında müsabiqəyə təqdim etmirlər”

Əhalinin Sosial Müdafiəsi Nazirliyində 1400-dən artıq vakant vəzifə var

"Dövlət qulluqçularının reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxsləri 400 manatdan 700 manata qədər cərimə gözləyir".

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslər təyin edilir: "Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqan oradakı bazanı görürlər. Həmçinin oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən həmin məsul şəxslər cərimələnəcəklər".

V.Misirov əlavə edib ki, DİM Prezident Administrasiyası ilə birgə dövlət qulluqçularınn reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur: "Ötən müddət ərzində reyestrdə 30 minə yaxın dövlət qulluqçusu barədə məlumat  toplanılıb. Bütün dövlət qulluğu sistemi bu reyetrin əsasında qurulur. Orada dövlət orqanlarındakı bütün işçilər, ştatlar haqqındakı məlumatlar öz əksini tapır. Dövlət orqanlardakı vakant vəzifələr hər an DİM-də onlayn formada görünür. Dövlət orqanları bu reyestri normal şəkildə idarə edirlərsə bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir və işlər sürətləndirilir".

O bildirib ki, müəyyən dövlət orqanlarında bu məsələ ilə bağlı ləngimələr var və bu da DİM-in vakant dövlət qulluğu vəzifələrini onlayn şəklində izləməsinə mane olur: “Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı işlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Hesab edirəm ki, bu işlər yaxın vaxtlarda sürətləndiriləcək. Reyestrdə olan məlumata görə, adıçəkilən nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer mövcuddur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən artıq vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq boş yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar".