Prezidenti İlham Əliyev Gəncədə çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrılması haqqında sərəncam imzalayıb


Siyasət 13 Noy 2017 18:02:42 274 0

Prezidenti İlham Əliyev Gəncədə çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrılması haqqında sərəncam imzalayıb

Bunun üçün 7 milyon manat ayrılıb

Prezident İlham Əliyev noyabrın 13-də “Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamış, zəngin keçmişi olan Gəncə şəhərinin öz qədimliyini və tarixiliyini qorumaqla, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf etdiyi vurğulanır. Qeyd olunur ki, şəhərin özünəməxsus zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm işlər görülüb, o cümlədən Gəncə Dövlət Filarmoniyasının ən müasir tələblərə cavab verən yeni binası tikilib, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksi bərpa olunub, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Müasir İncəsənət muzeyləri, Gəncə Qala qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi – Abidə Kompleksi, Heydər Əliyev Park Kompleksi yaradılıb, yüksək standartlara uyğun mehmanxanalar inşa edilib, Gəncə çayı sahilində bulvar salınıb.

Bununla yanaşı, şəhərdə bir sıra sosialyönümlü infrastruktur layihələri də həyata keçirilib, o cümlədən beynəlxalq hava limanı, 1 nömrəli şəhər xəstəxanası yenidən qurulub, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Kompleksi, “ASAN xidmət” Mərkəzi, Gənclər və Uşaq Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 299 mənzilli 5 yaşayış binası, təhsil ocaqları və digər obyektlər inşa edilib, çoxsaylı yaşayış binaları əsaslı təmir olunub, yeni elektrik yarımstansiyaları istifadəyə verilib, iri sənaye müəssisələri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7 milyon manat, o cümlədən 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat ayrılıb.