“Bürünc Əli” ləqəbli boksçumuzun idman estafeti davam edir


İdman 13 Noy 2017 17:49:00 340 0

“Bürünc Əli” ləqəbli boksçumuzun idman estafeti davam edir

İnsana universallıq prizmasından yanaşan məşhur boksçu Əli İsmayılov həm də əla  nərd, şahmat, domino, basketbol, voleybol oynayır və üzgüçülüklə məşğul olur.

Boksla zarafat etməyin düzgün olmadığını düşünən məşhur peşəkar boksçu Əli İsmayılov əmindir ki, onun adını eşidən hər kəsin ağlına gələn ilk fikir “yüz faiz boks” olur. Çünki, idmansevərlərin yaddaşında Məhəmməd Əli adlı idman korifeyinin adı çoxdan əbədiləşib. Onun özü də Məhəmməd Əlinin heyranıdır və özünü onun davamçısı sayır. “Əli”nin adın əvvəlində ya axırında gəlməyinin nə mənası var? Hər ikisi döyüşə “Ya Allah” deyərək atılıb, hər ikisi ağır çəkidə və peşəkar kateqoriyasında döyüşüb.  Bizim Əli amerikalı Məhəmməd Əli ilə 1999-cu ildə görüşəndə deyib  ki, “dahi insan, sizin adınızı oğluma qoymuşam”. Peşəkar boksun “şedevri” deyib: “20-ci əsrin Məhəmməd Əlisi mən olmuşam, 21-ci əsrin də Məhəmməd Əlisi oğlun olacaq”.

Əlinin boks seçimini valideynləri edib, amma yanılmayıblar. Peşəkar boksda karyerasını uğurlu nəticələrlə başa vuran Əli indi məşqçilik karyerasını davam etdirir. Çünki, o, həyatını bokssuz təsəvvür edə bilmir. 30 nəfərə qədər bacarıqlı gənclə özünə komanda yaradıb və onların hazırlığı ilə ciddi məşğul olur. Həmin gənclər peşəkar boksçuluq yolunda ilk addımlarını atırlar. Əli deyir ki, məşqçinin təcrübəsi ilə yanaşı yaxşı şərait olmalıdır ki, gənclər onlardan tələb olunanı yerinə yetirə bilsinlər. Komanda ciddi şəkildə, düzgün rejimlə döyüşlərə hazırlaşır. Onlar boksla zarafat etmirlər, çünki təcrübəli məşqçi yetirmələrinə aşılayıb ki, boksla zarafat etmək olmaz.

 Əli deyir ki, bəzən yalnız peşəkar boksda yüksək pullar olduğu haqda düşünürlər. Amma o pulları qazanmaq üçün var gücünlə vuruşmalısan. Boks döyüşü sevir və sərt idman növüdür. Hər zərbənin öz yeri və çəkisi var. İnsanlar sənin zərbələrinin dəqiqliyinə və gücünə görə çılğınlaşır, ancaq ağrıları sən çəkirsən. Təbii ki, bu zəhmətin müqabilində pul qazanırsan. Boksda pul məhz qazanılır, əldə olunmur. Hətta bəzən insan həyatına son qoyan zərbələr də baş verir. Bu zərbələrin dəyəri milyonlarla ölçülə bilməz. Məsələn, boksda nokauta düşüb həyatını itirən nə qədər idmançı var. Maqomed Abdusalamov kubalı rəqibi ilə döyüşdə karyerasında ilk dəfə nokautla uduzdu və sonda komaya düşdü.

“Boks təhlükəli idman növüdür, nə qədər ehtiyatlı olsan da, təhlükə bir anın içində səni haqlayır. Moqamed artıq karyerasını bitirib, çünki şikəstdir, döyüşə bilmir. Mənim də Rusiyada kəmər uğrunda döyüşlərimin birində qaşlarım zərbədən cırılmışdı. Həmin döyüşdə qələbəyə az qalmışdı ki, hər iki qaşım partladı.  Qan dayanmırdı. Hakim döyüşü saxladı və belə vəziyyətdə döyüşmək olmaz dedi. Bura qayıdanda gözümə eynək taxmışdım, hava limanında dedilər ki, mütləq eynəyi çıxartmalısız. Dedim xanım, eynəksiz qorxarsınız. Eynəyi çıxartdım, həmin orda çalışan xanım üzümü görüb şoka düşdü, dedi siz niyə bu  gündəsiz. Evdəkilər bir müddət mənə birtəhər baxırdılar” keçmiş günlərdən danışanda Əli deyir.

Həyatda şöhrətin zirvəsinə yüksələnləri gözü götürməyənlər çox olur. Əli İsmayılovun da şan-şöhrətini həzm edə bilməyən o qədər xain, paxıl adamlar olub ki. Ancaq Əlinin güclü xarakteri belələrinin fitvasından qoruna bilib. Onlar boksçumuzdan çox-çox arxada qalıblar, idmançımızın heç tozuna da çata bilməyiblər.

Əlinin ailəsində idmanla məşğul olmayan yoxdur. İndi idman ictimaiyyəti onu yaxşı tanıyır. “Bürünc Əli” ləqəbini ona 1999-cu və 2000-ci illərdə dalbadal dünya və Avropa çempionatlarında qazandığı bürünc medallara görə fanatları veriblər. də deyirlər.

Həyat yoldaşı Cəmilə İsmayılovanı isə dahqa çox yaşlı nəsil tanıyır. O,  idman gimnastı kimi dəfələrlə SSRİ çempionatlarının, Yay Universiadasının, Məktəblilərin Spartakiadasının qalib və mükafatçısı olub. Azərbaycan bayrağını yüksəklərə qaldıran mətin idmançılarımıza dövlətimiz daim qayğı göstərir, onların əməyinə yüksək qiymət verir. İsmayılovlar ailəsinin idman estafeti də layiqincə qiymətləndirilib. İsmayılov Azərbaycanın əməkdar idman ustası, İsmayılova isə SSRİ-nin idman ustasıdır. Onların övladları da valideynlərinin yolunu davam etdirirlər. Biri boks, digəri idman gimnastikası ilə məşğul olur.

Cəmilə İsmayılovanın idmançı karyerası SSRİ-nin son illərinə təsadüf edib. Azərbaycan müstəqillik qazanandan sonra gənc idmançı karyerasını başa vurur. Çünki bu növdə idmançı karyerası erkən başlanır və tez də yekunlaşır. İndiki Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan dövrdə Əli ilə tanış olur. Öyrənirlər ki, hər ikisi Nərimanov rayonunda yaşayırlar. Heç demə, məhəllələri də qonşudur. Adi tanışlıq dostluğa, dostluq isə sevgiyə çevrilir və Əli hərbi xidmətini başa vurub qayıdandan sonra evlənməyə qərar verirlər. 1998-ci ildə ailə quran xoşbəxt cütlüyün bir oğlu və bir qızı var.

Ailə bağları

onları idmandan ayırmayıb, əksinə idmanı onların peşəsinə çevirib. İndi hər ikisi  məşqçi kimi çalışır. Əli ismayılov “Gilan” klubunda, Cəmilə isə Gimnastika Məktəbində gənc idmançıların yetişməsi ilə məşğuldur. Hər biri sevdikləri idman növünün inkişafına xidmət edir. Söz düşəndə Əli deyir ki, həyat yoldaşı daha təcrübəlidir, çünki Cəmilənin 20, onun isə cəmi 4 illik məşqçilik təcrübəsi var. Amma hər ikisi eyni həvəs və zövqlə çalışır, yetirmələrinin idmanın zirvəsinə qalxmaları üçün əllərindən gələni əsirgəmirlər.

Yetirmələri arasında ailənin oğul övladı Məhəmmədəli və qız övladı Aliyə də var. Oğul atasının yolunu, qız isə anasının yolunu davam etdirir. Əli oğlunun simasında özünü, qızının simasında sirdaşı Cəmiləni görür. Ata oğlu ilə, ana qızı ilə məşğul olur. Əli qızına deyir ki, “Kimin adını daşıdığını yaddan çıxarma!”. Əli İsmayılovun ən böyük arzularından biri dünya şöhrətli Məhəmməd Əlinin nəsihətini yerinə yetirmək, oğlunun “XXI əsrin Məhəmmədəlisi” olmasını görməkdir. Kiçik Aliyənin arzusu isə Azərbaycanın tanınmış gimnastı Aliyə Qarayevanın qazandığı uğurları daha da inkişaf etdirərək doğma vətəninin idman şöhrətini artırmaqdır.

Əlinin başçılıq etdiyi ailənin özəyində müasirlik sindromu durur. Ailənin bütün parametrləri bərabərlik və qarşılıqlı hörmət, valideyn və övlad münasibətlərinin səmimiliyi üzərində ölçülüb-biçilib. Bəzən kimdənsə eşidirik ki, “Qadınlar ümumiyyətlə idmanla məşğul olmamalıdırlar”. Əli bu fikri yaxına qoymur və özünəməxsus müdrikliklə bu hipotezin mahiyyətini izah edir: “Elə idman növləri var ki, qadının incəliyini nümayiş etdirir və bunlar zərif cinsin nümayəndələrinə yaraşır. Qadınlar Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında uğurla iştirak edir, yüksək nəticələr qazanırlar. Ancaq mən yalnız bu kateqoriyaya aid idman növlərini təqdir etmirəm. Demək istəyirəm ki, qadınların gözəlliyini nümayiş etdirənlərlə yanaşı güləş, boks, ağırlıqqaldırma kimi onları kobud formada göstərən idman növləri də var. Özüm boksçu kimi 2000-ci il Sidney və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Əksər məşhur  qadın idmançıları gözlərimlə görmüşəm. Yarışlardan qayıdandan sonra həyat yoldaşıma gördüklərimdən dəhşətə gəldiyimi dedim. Güləş növündə qulağı, boksda burnu sınıq qadınlarla rastlaşıram. Bunlar yazıq qadınları lap eybəcər göstərir. Məncə, belə növlər zərif cinsin nümayəndələrinə yaraşmır”.

Əli İsmayılovun şəxsi fikrinə görə, idmançını ən yaxşı, ən gözəl başa düşən ikinci şəxs elə idmançı ola bilər. Yəni, idmançının həyat yoldaşı da idmançı, xüsusən də hər ikisi tanınmış olanda bir-birilərinə hər zaman dayaq dururlar. Onun karyerasındakı irəliləyişlərində həyat yoldaşının xüsusi yeri, köməyi var. Əli ondan məsləhət aldığını həmişə qürurla deyir. Çünki elə olub ki, keçirdiyi döyüşlərin diskinə baxıb birgə analiz, müzakirə ediblər. Dğyüşdə çatışmayan və güclü cəhətləri müəyyənləşdiriblər. O, bütün bunları görə həyat yoldaşına minnətdardır. Bu xüsusiyyəti ailə başçısı kimi onun böyük və üstün cəhətidir.

Əli İsmayılov boksda olduğu kimi ictimai həyatda da mövqeyi nüfuzu olan insandır. Bununla belə o, idmançının siyasətə qarışmasını düzgün saymır. Deyir, hər kəs yaxşı bacardığı işlə məşğul olsa yaxşıdır. Məsələn, Ukraynanın adlı-sanlı boksçusu Kliçko qardaşları ilə yaxşı münasibətləri olsa da onların böyük siyasətə qoşulmalarını təqdir etmir. Onun fikrincə, hər bir  idmançı, o cümlədən onun özü deputat ola bilər, amma yalnız idman sahəsi üzrə. Çünki, bu işdə daha gözəl uğurlar qazana, cəmiyyətə xeyir verə bilər.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir