Tikintidə işləyənlərin 31%nin əmək müqaviləsi yoxdur


Digərləri 13 Noy 2017 16:42:00 239 0

Tikintidə işləyənlərin 31%nin əmək müqaviləsi yoxdur

Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla 43 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.

Son.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı" tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı daxil olan məlumatlar təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tikinti obyektlərində səyyar monitorinq həyata keçirir.

Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 15 səyyar monitorinq həyata keçirilib.

Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə (106 işçi xidməti müqavilə), 175-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.

Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.