Bakı sakinləri evlərindən qovulur


Digərləri 13 Noy 2017 16:46:00 287 0

Bakı sakinləri evlərindən qovulur

Bakının Azadlıq prospekti, 80 ünvanında yerləşən çoxmərtəbəli, 112 mənzilli binanın "Fədək" MMC adlı şirkət tərəfindən sökülməsi ətrafında qalmaqalın davam etdiyi bir vaxtda Nəsimi rayonunda daha bir gərginlik yaranıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə rayonun Süleyman Rəhimov küçəsi, 203 ünvanında yerləşən (17 saylı Mənzil-İstismar Sahəsi) binanın sakinlərinin evlərindən çıxmaq üçün xəbərdarlıq aldığı, onlara yır-yığış etmək üçün bir ay vaxt verildiyi məlum olub.

Binanın sakinləri bildiriblər ki, "Bizim ailə" MMC adlı yeni yaradılmış, ofisi və bank hesabı belə mövcud olmayan hansısa şirkətin nümayəndələri onlara "pilot layihə" çərçivəsində evlərindən köçürüləcəkləri barədə ultimatum veriblər. Sakinlərə ancaq bir variant təklif edilib: evlərini tərk edib kirayə mənzillərə köçsünlər və onların yaşadıqları binanın yerində inşa ediləcək yeni çoxmərtəbəli binada təzə mənzillərə köçürüləcəkləri günü gözləsinlər.

Sakinlər isə deyirlər ki, tikinti sahəsində heç bir təcrübəsi olmayan, cəmi 10 manat nizamnamə kapitalına malik, heç kimin tanımadığı şirkətin onları aldadıb aradan çıxmayacağına heç bir təminat yoxdur. Şirkət Nəsimi rayon İcra Hakimiyyətinin podratçısı qismində çıxış edir, lakin bundan əvvəlki "pilot layihə" söküntülərində olduğu kimi, bu dəfə də İcra Hakimiyyəti təminatçı rolunda çıxış etmir. Yəni gələcək mümkün məhkəmə çəkişmələri ancaq sakinlərlə MMC arasında gedə bilər.

"Kim təminat verə bilər ki, heç kəsin tanımadığı bu şirkət bizi aldatmayacaq? Sakinlər qarşısında öhdəliyin yerinə yetirilməsinə kim cavabdeh olacaq, kim bu öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət edəcək? Tikinti sahəsində heç bir təcrübəsi olmayan hansısa birgünlük şirkətə bizim evlərimizi sökmək, yerində bina tikmək səlahiyyətini necə veriblər? Bu suallara cavab verən tapılmır, belə çıxır ki, "JEK"-lər və icra hakimiyyətləri bu birgünlük firmaların maklerlərinə çevriliblər?", - sakinlərin müraciətində bildirilir.