"Bakı Telefon Rabitəsi"nin sabiq baş mühəndisi işçilərə "paket" verdiyini etiraf edib - RABİTƏ İŞİ


Sosial 26 Okt 2017 17:50:58 339 0

"Bakı Telefon Rabitəsi"nin sabiq baş mühəndisi işçilərə "paket" verdiyini etiraf edib - RABİTƏ İŞİ

Vidadi Zeynalov və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib.

O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

A.Mustafayev də vəkili ilə razı olduğunu deyib. O, çıxışında işçilərinə "paket" verdiyini etiraf edib: "Tələbə xaricdə təhsil alıb, gəlir işləməyə. Biz ona 400 manat maaş veririk. Sonra hansısa şirkətdən ona 2000 manatlıq təklif gəlir. Biz də işçiləri saxlamaq üçün məcburuq onlara maaşdan əlavə "paket" verək".

Daha sonra təqsirləndirilən C.Cəfərov, S.Hümbətov, N.Məmmədov və V.Zeynalov çıxış ediblər. Onlar da barələrində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib. Hökmdən narazı qalan V.Zeynalov, onun ailə üzvləri və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti verib.