“Unibank” Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub


İqtisadiyyat 26 Okt 2017 17:43:23 394 0

“Unibank” Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub

Tərəflər arasında müvafiq saziş imzalanıb

“Unibank” ASC “Bakı Fond Birjası” QSC-nin (BFB) təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş Listinq Məsləhət Proqramına (LMP) qoşulub.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu gün bununla əlaqədar Birjanın İdarə Heyətinin (İH) sədri Vüqar Namazov və “Unibank”ın İH sədrinin birinci müavini Asəf Hüseynov saziş imzalayıblar.

Sazişə əsasən, “Unibank” kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə proqram çərçivəsində təqdim edilən məlumat və məsləhət xidmətlərindən istifadə edəcək.

LMP-yə qoşulma haqqında saziş imzalandıqdan sonra, Bank BFB-də ticarətin başlanmasını simvolizə edən açılış zənginin iştirakçısı olub.

Xatırladaq ki, LMP çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LMP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

LMP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. Xidmətlərdən istifadə ödənişsizdir.