Azərbaycanda hansı sözü necə dəyişək?


Digərləri 26 Okt 2017 16:47:00 260 0

Azərbaycanda hansı sözü necə dəyişək?

"Proqnoz" və "mouse" terminlərinin tərcüməsi məsələsinə rəsmi aydınlıq gətirildi

"Proqnoz" və "mouse" terminlərinin tərcüməsi məsələsinə rəsmi aydınlıq gətirildi.

"Biz bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını ictmaiyyətin müzakirəsinə çıxartdıq ki, hamı öz fikrini bildirsin. Düzdür, bizi tənqid edirlər, amma yaxşı olardı ki, təkliflər də verilsin".

Bu barədə Son.az-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığının açıqlamasından sonra onların bəzilərinin heç də yaxşı qəbul edilməməsinə münasibətində bildirib.

Komissiya sədrinin müavini qeyd edib ki, alınma sözlərin qarşılğının ictimaiyyətə açıqlamasında məqsəd elə onların necə qarşılandığını bilməkdir: "Bəzi alınma sözlərin, terminlərin Azərbaycan dilindəki tərcümələri sadəcə kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyətin müzakirəsinə təqdim etdik. O  cümlədən, tərcüməsi heç də birmənalı qarşılanmayan "proqnoz" və "mouse" sözlərini. Məsələn, informasiya texnologiyaları üzrə mütəxəssislər "mouse" sözünü əsasən, siçan kimi qəbul ediblər. Bu isə bildiyimiz kimi, kompüterin bir alətidir. Tutaq ki, həmin alət xarab olub. O zaman biz yazırıq ki, bizə bir ədəd siçan verməyinizi xahiş edirik. Bu isə gülünc görünür. Ona görə də bu sözü müzakirəyə çıxartdıq. Amma mütəxəssislərin bəziləri də "mouse" sözünün qarşılığı kimi "bələdçi" sözünü təklif edib. Amma bilirik ki, "bələdçi" sözü onu tam ifadə eləmir. "Bələdçi" sözü dənizçilik lüğətində də var, indi "qid" də "bələdçi" adlanır. Ona görə də bu sözü müzakirəyə çıxartdıq ki, ictimaiyyətin rəyini öyrənək. Eləcə də "proqnoz" sözünü. "Proqnoz" termininin qarşılığı olaraq bəziləri "öncəgörmə" sözünü təklif edir. Amma "öncəgörmə" "proqnoz"u tam ifadə eləmir. Buna baxmayaraq, biz bütün bunları təklif kimi irəli sürmüşük ki, görək onlar necə qarşılanır? Biz ictimaiyyətin buna reaksiyasını yoxlamaq istədik. Qoy hamı bununla bağlı fikirlərini bildirsin, təkliflərini irəli sürsün". "Like", "adapter", "mouse" sözləri dəyişdi - SİYAHI S.Sadıqovanın sözlərinə görə, dilmizdə söz yaradıcılığı prosesi mütləq getməlidir getməlidir. Bu isə kabinetlərdə olmamalı, ictimaiyyətin ixtiyarına verilməlidir: "Qoy jurnalistlər, ziyalılar çıxış eləsinlər, bizə təkliflər versinlər. Əgər "proqnoz" sözünün qarşılığı olaraq "öncəgörmə" qəbul olunmursa, qoy qəbul olunmasın. Amma tutaq ki, "evakuasiya" sözünün qarşılığı niyə "təxliyə" olsun? Niyə "köçürülmə" olmasın? Axı "təxliyə" sözü də bizim deyil, ərəb sözüdür. Bizim "Tibbi terminlər lüğəti"miz var. Orada "evakuasiya" sözü müharibə zonalarından, təhlükəli ərazilərdən məhz "köçürülmə" kimi tərcümə olunub, "təxliyə" kimi yox. Qoy müzakirə olunsun, əgər qəbul olunsa "köçürülmə" işlənsin. Bəlkə heç qəbul olunmayacaq və daha yaxşı söz təklif edəcəklər? Yəni məqsəd terminlərin daha yaxşı qarşılığını, hamıya aydın ola biləcək sözü üzə çıxartmaqdır".

O, qeyd edib ki, belə təcrübə əvvəllər də olub: "Sovet dövründə "Kommunist" qəzetində yeni sözlərin siyahısı verilirdi. Daha sonra camaat, əsasən də ziyalılar həmin sözlərlə bağlı təkliflərini irəli sürürdülər. Məsələn, Mirzə İbrahimovun dövründə müzakirələr nəticəsində nə qədər yeni sözlər yarandı? Özü də həmin sözlərin çöxunu Mirzə İbrahimovun şəxsən özü yaratdı. Yaxud da hörmətli yazıçımız Anarın atası Rəsul Rza. O, "Azərbaycan Sovet Ensiklopediyası"nın (ASE) baş redaktoru olub. Onun dövründə o qədər yeni sözlər yaranıb ki! Yadımdadır, "svetofor" sözünün əvəzində "işıqfor" sözü işlənməyə başlayanda xeyli tənqidlər oldu. Amma keçid dövründə "işıqfor" sözü daha çox işlənməyə başladı. Hərçənd, tam işləklik qazanmayıb, çünki onu hərtərəfli əhatə eləmir. Daha bir misal çəkim. Əvvəllər "kompüter"lə yanaşı "bilgisayar" sözü də işlənirdi. Amma "kompüter" sözü işləklik qazandı". Dilçi alim hesab edir ki, bütün bu müzakirələr əsasında 5-6 il ərzində dilimizə yeni yaradılmış sözlərdən 20-si, 100-ü də gəlsə, bu, Azərbaycan dilini zənginləşdirər: "Çünki alınma sözlərin hamısını da olduğu kimi işlətmək doğru deyil. Biz alınma sözlərlə bağlı terminoloji lüğət düzəltmişik. Orada 5 min termin yer alıb. Özü də hələ proses davam edir. Axı dilimizdə 110 min söz var. Əgər 25 il ərzində dilimizə 10 min yeni söz gəlirsə, görün dilimizi necə dəyişir? Məhz bu baxımdan dilimizdə yad sözlərin çoxalması bizi narahat edir.

Təbii ki, elə beynəlxalq terminlər var ki, onları bəzən olduğu kimi, bəzən isə dilimizə uyğunlaşdırıb işlədirik. Biz də başa düşürük ki, hamı tərəfindən qəbul edilmiş terminlərin yersiz tərcüməsi gülünc qarşılanır.