Avro ucuzlaşmağa başlayıb


İqtisadiyyat 26 Okt 2017 16:00:39 250 0

Avro ucuzlaşmağa başlayıb

ECB uçot dərəcəsini sabit saxlayıb, monetar stimullaşdırmanı isə 9 ay uzadıb

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş iclasında uçot dərəcəsinin hazırkı kimi, 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini -0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

ECB monetar stimullaşdırma bitsə də, uçot dərəcəsinin uzun müddət bu səviyyədə qalacağını bildirib. Bununla yanaşı, ECB monetar stimullaşdırmanın həcmini 2 dəfə azaldaraq 60 mlrd. avrodan (70,8 mlrd. dollar) 30 mlrd. avroya (35,4 mlrd. dollar) endirib və müddətini 9 ay uzadıb. Lazım gələrsə, monetar stimullaşdırma 2018-ci ilin sentyabrından sonra da davam etdiriləcək və onun həcmi yenidən artırıla bilər.

Bir qədər sonra ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlaması gözlənilir.

ECB-nin qərarı avro üçün mənfi qiymətləndirilib. Belə ki, maliyyə bazarları monetar ekspansiyanın 6 ay uzadılacağını və uçot dərəcəsinin tədricən artırılmağa başlanacağını proqnozlaşdırırlar. Hazırda USD/EUR məzənnəsi 1,1810 səviyyəsindən 1,1765 səviyyəsinə geriləyib. Avronun ucuzlaşmasının davam edəcəyi gözlənilir.