"Qarabağ"ın hücumçusu dünya çempionatının son seçmə oyunlarına dəvət alıb


Digərləri 26 Okt 2017 16:09:38 183 0

"Qarabağ"ın hücumçusu dünya çempionatının son seçmə oyunlarına dəvət alıb

Həlledici qarşılaşmalar Seneqala qarşı olacaq

"Qarabağ" klubunun futbolçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb. "Report"un məlumatına görə, baş məşqçi Stüart Bakster 27 yaşlı hücumçunu Seneqalla oyunlara çağırıb.

26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.

Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.