Axtarışda olan iki azərbaycanlı Qazaxıstandan ölkəmizə göndərildi


Kriminal 18 Okt 2017 16:39:00 391 0

Axtarışda olan iki azərbaycanlı Qazaxıstandan ölkəmizə göndərildi

Beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının iki vətəndaşı Qazaxıstanda saxlanılaraq ölkəmizə ekstradisiya ediliblər.

DİN-dən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ilə İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, həmçinin beynəlxalq axtarışa verilən şəxslərin saxlanılması və ölkəyə ekstradisiya olunması istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.

Belə ki, həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək İnterpolun Daxili İşlər Nazirliyi Milli Mərkəzi Bürosu (MMB) tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan Respublikasının vətəndaşları Səyyaf Tağıyev və Kamilə İbrahimova Qazaxıstanda saxlanılıblar.

Bununla əlaqədar Azərbaycan və Qazaxıstan Respublikalarının tərəfdaş çıxdığı Müstəqil Dövlətlər Birliyinin "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının tələblərinə uyğun olaraq S.Tağıyev və K.İbrahimovanın ölkəmizə ekstradisiyası təmin edilib.