Xəzər Rayon Prokurorluğunun əməkdaşı Rüfət Səfərovla görüşüb


Sosial 13 Okt 2017 14:16:46 271 0

Xəzər Rayon Prokurorluğunun əməkdaşı Rüfət Səfərovla görüşüb

Keçmiş müstəntiqin işgəncəyə məruz qalması və onunla qeyri-insani davranılması ilə bağlı araşdırmalara başlanılıb

Bu gün Xəzər Rayon Prokurorluğunun əməkdaşı 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş müstəntiq Rüfət Səfərovla görüşüb.

Bu barədə "Report"a vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, prokurorluğun əməkdaşı baş vermiş hadisə ilə əlaqədar R.Səfərovdan izahat alıb. 

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin cəzacəkmə müəssisəsində işgəncəyə məruz qalması və onunla qeyri-insani davranılması ilə bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş müstəntiq R.Səfərovun vəkili B.Bayramov işgəncə faktlarının və qeyri-insanı rəftarın araşdırılması üçün Baş Prokurorluğuna və Xəzər Rayon Prokrorluğuna müraciət etmişdi. 

Xatırladaq ki,Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Səfərov apellyasiya şikayəti verib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.