Yeni energetika nazirindən İLK AÇIQLAMA FOTO


Digərləri 13 Okt 2017 13:50:07 303 0

Yeni energetika nazirindən İLK AÇIQLAMA  FOTO

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib.

Son.az xəbər verir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Əsədov P.Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş energetika naziri P.Şahbazov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. P.Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsində 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.

Nazir qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti beynəlxalq aləmdə yüksək rəğbət qazanıb. O, enerji siyasətinin xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malik olduğunu diqqətə çatdıraraq, ölkəmizdə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin isə sıx əməkdaşlıq münasibətləri ilə mümkünlüyünü bildirib.


Xəbərə aid fotolar