Bakı məktəblərində Beynəlxalq Müəllimlər Günü qeyd edilib


Sosial 05 Okt 2017 16:14:16 387 0

Bakı məktəblərində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 5 oktyabr -Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib.

İdarənin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin "Ən yaxşı açıqca və ən sevimli müəllim", “Müəllimlərə arzularım”, “Mənim sevimli müəllimim”, “Səndən öyrəndim” kimi rəsm, şeir, inşa, video müsabiqələri də həyata keçirilib.

Bakı Şəhəri üzrə Təsil İdarəsinin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirlərdə təhsil sahəsində aparılan islahatlardan, Azərbaycan Prezidenti İlham Əliyevin son illər ərzində təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb. Ölkədə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bildirilib.

Tədbirlərdə şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışılıb. Çıxış edən müəllimlər hər il daha da inkişaf edən təhsilimizə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.

Şagirdlər müəllimlərə həsr edilmiş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Onlar da müəllimlərini təbrik edib, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıblar.