Pasiyent: “Burnumu əməliyyat edən həkim pulumu mənimsəyib”


Sosial 05 Okt 2017 16:24:00 508 0

Pasiyent: “Burnumu əməliyyat edən həkim pulumu mənimsəyib”

Əməliyyatdan sonra pasiyentin burnunda sap qaldığı məlum olub

Bakıda pasiyent həkimin onun pulunu mənimsədiyini iddia edir. Bununla bağlı “Report”a müraciət edən 22 yaşlı Lalə Həsənova deyib ki, o, 2016-cı ilin sentyabr ayının 2-də "Baku City Hospital"da burnundan əməliyyat olunub.

Xəstəxanaya əməliyyat üçün analizlə birlikdə 2 300 manat ödədiyini deyən L.Həsənovanın sözlərinə görə, bu, onun üçüncü burun əməliyyatı olub: “Əməliyyatı xəstəxanın lor-cərrahı Cavid İsmayılov icra edib. Məbləğin çox olmasına səbəb burnuma sinəmin altından çıxarılan qığırdağın vurulması idi. Bunun üçün də başqa cərrah əməliyyata girməli idi. Elə oldu ki, həmin cərrahın işinə ehtiyac qalmadı, yəni qığırdağım götürülmədi. Cavid İsmayılovdan həmin cərrah üçün verdiyim pulun qaytarılmasını tələb etsəm də, pulumu geri vermədilər. Səbəb də göstərildi ki, həmin cərrahın vaxtı alınıb”.

Pasiyent əməliyyatdan bir müddət keçdikdən sonra burnunun ucunda sap qaldığını görüb. O, sapın çıxarılması üçün həkimin yanına gedib. “Həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinçetlə aralayıb sapı bir az kəsdi. Lakin sapın kökü içəridə qaldığından quruması üçün dərman yazdı. Həmin dərmanı vursam da, heç bir effekt görmədim. Bu gün yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına getməli idim, lakin köməkçisi məndən 100 manat tələb etdi. Halbuki bu, onların səhvidir və mən ödəniş etməməliyəm. Onlar mənə mənəvi ziyan vurublar, üstəli maddi olaraq da 100 manat istəyirlər”.

Lalə Həsənova

Lalə Həsənova vurğulayıb ki, həkimə bunun onların günahı olduğunu deyəndə inkar edib: “100 manat elə də böyük pul deyil. Sadəcə həkimin səhvi ucbatından niyə əlavə pul ödəməliyəm?! Onsuz da 2300 manat xərcim çıxıb. Həmin pulu da həkim Cavid İsmayılov kassaya yox, onu özünə verməli olduğumu dedi. Mən də pulu onun özünə verdim, lakin həkim mənə pulun qəbul edilməsi barədə qəbz vermədi. Əməliyyatdan çıxanda həkimin özünə də demişdim ki, əl işiniz ürəyimcə olmayıb. Mənə demişdi ki, üçüncü əməliyyat olduğu üçün ideal nəticə gözləmə. Amma burnumda sapın qalmasını gözləmirdim”.

Lor-cərrah Cavid İsmayılov “Report”a açıqlamasında bildirib ki, üçüncü əməliyyat olduğuna görə ikiqat ödəniş (2 300 manat) edilməli idi: “Həmin xəstə üçün istənilən halda 100 manat analizlərin puludur. Mən həmin sapın çıxarılması üçün əlavə ödəniş istəmədən əməliyyatı edərəm. Biz sap istehsalçısı olmadığımıza görə, bu, həkimlə bağlı xəta deyil. Əməliyyatdan uzun müddət keçdiyi üçün yenidən analiz etmək lazımdır. Mənim səhvim olsa idi, həmin pulu öz cibimdən verə bilərəm. Amma sapın qalması mənim günahım deyil. Burun ucunun qığırdaqlarının formalaşdırılması üçün saplar orada uzun vaxt qalır. Xəstədə də bu dəri ilə reaksiyaya girərək çölə çıxıb. Bu da nə mənim, nə də xəstənin səhvi deyil”.

Vəkil Elvin Səlimov isə “Report”a deyib ki, edilən əməliyyat zamanı səhv olubsa, xəstə sonrakı mərhələdə analizin pulunu ödəməməlidir: “Həkim istifadə etdiyi bütün ləvazimatlara zəmanət verməlidir. Pasiyent baş vermiş hadisənin bütün təfərrüatı ilə Səhiyyə Nazirliyinə məlumat verməli, paralel olaraq hansı ərazidə əməliyyat olunubsa, həmin rayonun prokurorluğuna ərizə ilə müraciət etməlidir”.