Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi başlayır


Sosial 05 Okt 2017 16:56:39 378 0

Dələduzluqda təqsirləndirilən sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi başlayır

Məhkəmə iclası oktyabrın 13-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Rahim İsmayılov dindirilib.

O bildirib ki, dostunun dayısı torpağını sənədləşdirmək üçün adam axtaran zaman onu sabiq bələdiyyə sədri V.Nəbiyevlə tanış edib.

Məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən V.Nəbiyevin daha bir məhkəməsi başlayır. Onun digər cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edəcək.

Məhkəmə iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb.