BANM-də Beynəlxalq Müəllimlər Günü qeyd olunub


Sosial 05 Okt 2017 13:11:28 558 0

BANM-də Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Tədbirdə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub

Bakı Ali Neft Məktəbində (BANM) 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. 

BANM-dən "Report"a verilən məlumata görə, rektor Elmar Qasımov müəllimləri təbrik edərək ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, Azərbaycan gənclərinin formalaşmasında olan xüsusi rolundan danışıb. 

O, Prezident İlham Əliyevin bu ilin may ayının 1-də BANM-in yeni və əzəmətli kampusunun açılışında iştirak edərək ölkədə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri xüsusi vurğulayaraq, Ali Məktəbin Azərbaycanın təhsil sistemində qazandığı uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir: "Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda, çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb, onu yüksək qiymətləndiriblər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır”.

BANM-in ilk məzunlarından biri, Neft-qaz mühəndisliyi ixtisasının məzunu, SOCAR Polymer şirkətinin əməkdaşı Gülnar Hüseynli Ali Məktəbdə təhsil aldığı 5 il ərzində müəllim işinin necə şərəfli bir peşə olmasının şahidi olduğunu, bu müqəddəs amala xidmət edən pedaqoji kollektivin - doğma müəllimlərinin onun bir kadr kimi yetişməsində sonsuz əməyinin olduğunu söyləyib.  

Tədbirdə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə Ali Məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub.

Tədbir konsert proqramı ilə davam edib.