"Azercell" Bakının Qara Qarayev prospektində yeni ofis açıb


İqtisadiyyat 04 Okt 2017 16:49:10 454 0

"Azercell" Bakının Qara Qarayev prospektində yeni ofis açıb

Ən müasir avadanlıqla təchiz olunmuş ofis unikal "Nordic" konsepsiyasına uyğun olaraq qurulub

Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı ekslüziv ofislərinin sayını artıran "Azercell Telecom" MMC daha bir mağazasının açılışını edib.

Bu barədə "Report"a şirkətdən daxil olan məlumatda bildirilir. 

Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 30\42 ünvanında istifadəyə verilmiş eksklüziv ofis 121 kv.m ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikal "Nordic" konsepsiyasına uyğun olaraq qurulub.

"Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə Müştəri Xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur (izahlı qaimə və addan-ada əməliyyatları istisna olmaqladigər). Burada abunəçilər, həmçinin, mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər",- deyə məlumatda qeyd edilib. 

Qeyd edək ki, ilk fəaliyyəti günündə "Azercell Telekom" şirkətinin prezidenti Vahid Mürsəliyevlə yanaşı, həm də "Telia" şirkətinin Avrasiya regionu üzrə prezidenti Emil Nilson da mağazaya baş çəkərək müştərilərin rahatlığına yönələn bu təşəbbüsü yüksək qiymətləndiriblər. 

"Yeni ofislərinin açılmasında "Azercell" şirkətinin əsas məqsədi 4,5 milyonluq abunəçi ailəsinə yüksək səviyyəli xidmət göstərməkdir. "Azercell" abunəçiləri bu ofislərə müraciət edərək, yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər", - deyə məlumatda əlavə edilib.