Fransanın “SUEZ Groupe” şirkəti SOCAR-la əməkdaşlıq etmək istəyir


İqtisadiyyat 03 Okt 2017 17:05:38 412 0

Fransanın “SUEZ Groupe” şirkəti SOCAR-la əməkdaşlıq etmək istəyir

Əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi üçün bilik, bacarıq və məlumatların mübadiləsi haqqında razılıq əldə olunub

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Fransanın “SUEZ Groupe” şirkətinin vitse-prezidenti Manuel Niveti və şirkətin Azərbaycan filialının direktoru Alain Carboneli qəbul edib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, M.Nivet “SUEZ Groupe” şirkətinin fəaliyyəti və Azərbaycanda həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, istehsalat-tullantı, habelə lay sularının emalı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi, tullantıların idarə olunması sahələrində SOCAR ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. R.Hüseynzadə isə SOCAR-ın tullantıların idarə olunması istiqamətində gördüyü genişmiqyaslı işlər və əldə etdiyi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verib. 

Görüşün sonunda əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi üçün bilik, bacarıq və məlumatların mübadiləsi haqqında razılıq əldə olunub.