INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun illik iclası keçirilib


İqtisadiyyat 03 Okt 2017 17:23:46 439 0

INTOSAI-nin Dövlət Borcu üzrə İşçi Qrupunun illik iclası keçirilib

İşçi qrupunun ekspertləri arasında əlaqələrin genişlənidirilməsi qərara alınıb

Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev Ali Audit Qurumları (AAQ) Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun Manilada (Filippin) keçirilən illik iclasında iştirak edib.

"Report" bu barədə Hesablama Palatasına istinadən xəbər verir. 

İclasda həmçinin Avstriya, Braziliya, Çin, Fici, Gürcüstan, Hindistan, İndoneziya, İordaniya, Cənubi Koreya, Portuqaliya, Rumıniya, Rusiya, ABŞ, Zambiya, Filippin ali audit qurumlarının və INTOSAI-ın İnkişaf Təşəbbüsü (IDI), Dünya Bankı və Filippin Xəzinədarlığının əməkdaşları təmsil olunub.

Toplantıda Filippində dövlət borcunun idarə olunması vəziyyəti, Dövlət Borcu üzrə İşçi Qrupunun 2016-cı ildə Çinin Nancinq şəhərində keçirilmiş iclasında qarşıya qoyulmuş məqsədlər üzrə nailiyyətləri, 2017-2019-cu illər üzrə İş Planı, 2017-2022-ci illər üçün Strateji Plan, Səlahiyyət Şərtləri, müvafiq standartların təkmilləşdirilməsi və dövlət borcunun auditi üzrə Çin təcrübəsi barədə təqdimatlar olub.

Bununla yanaşı, 2017-2022-ci illər üçün İşçi Qrupunun Strateji Planı və müvafiq standartların təkmilləşdirilməsi ilə bağlı alt-qruplar yaradılıb, 2018-ci ildə işçi qrupunun iclasının keçirilməsi ilə bağlı müzakirələr aparılıb və dövlət borcunun idarə olunması ilə bağlı Dünya Bankının nümayəndəsinin çıxışı dinlənilib.

Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, Dövlət Borcu üzrə İşçi Qrupunun internet səhifəsinin təkmilləşdirilməsi və ekspertlər arasında əlaqələrin genişlənidirilməsi qərara alınıb.